Coordinat Group MMC
Fotoqrammetriya

Fotoqrammetriyada İstifadə Olunan PUA-ların Təsnifatı

Image

Son on ildə fotoqrammetriya sahəsində baş verən ən böyük dəyişiklik pilotsuz uçuş aparatlarının (PUA — İngiliscə UAV, Unmanned Aerial Vehicle) geniş tətbiqi olmuşdur. Əvvəllər hava fotoqrammetriyası yalnız pilotlu təyyarələr və peyk şəkilləri vasitəsilə aparılırdı, bu isə həm baha, həm də vaxt tələb edən bir proses idi. Bugün isə kiçik ölçülü, nisbətən ucuz və istifadəsi asan olan PUA-lar sayəsində torpaq sahələrinin xəritələşdirilməsi, tikinti obyektlərinin monitorinqi, kənd təsərrüfatının qiymətləndirilməsi, arxeoloji tədqiqatlar və hətta bina fasadlarının 3D modelləşdirilməsi kimi işlər sürətlə və dəqiqliklə yerinə yetirilir.

1. Konstruksiya Növünə Görə Təsnifat

Bu, fotoqrammetriya mütəxəssisləri arasında ən çox istinad edilən təsnifat üsuludur, çünki PUA-nın aerodinamik konstruksiyası onun uçuş xüsusiyyətlərini, faydalı yük tutumunu və tətbiq imkanlarını birbaşa müəyyən edir.

1.1. Sabit Qanadlı PUA-lar (Fixed-Wing UAV)

Sabit qanadlı PUA-lar adi təyyarə formasına bənzəyir və uçuş zamanı qanadların yaratdığı aerodinamik qaldırıcı qüvvədən istifadə edir.

Üstünlükləri:

Uzun uçuş müddəti (adətən 45 dəqiqədən 2-3 saata qədər);

Böyük məsafələri qısa müddətdə əhatə etmək qabiliyyəti;

Yüksək sürət (60–120 km/saat);

Külək şəraitinə nisbətən daha davamlıdır.

Çatışmazlıqları:

Şaquli uçuş (havada asılı qalma) mümkün deyil;

Uçuş üçün geniş açıq sahə (start-enmə zolağı və ya katapult) tələb olunur;

Qiyməti çox vaxt multirotor sistemlərdən yüksəkdir.

1.2. Fırlanan Qanadlı (Rotorlu) PUA-lar

Bu qrupa quadkopterlər (4 pərli), hekzakopterlər (6 pərli) və oktokopterlər (8 pərli) daxildir. Onlar şaquli qalxma və eniş edə bilir, havada sabit dayana bilir.

Üstünlükləri:

Şaquli qalxma/eniş (VTOL) — start-enmə zolağına ehtiyac yoxdur;

Havada sabit dayanma qabiliyyəti — dəqiq nöqtəvi çəkiliş üçün ideal;

İdarəetməsi nisbətən sadədir;

Kiçik və dar sahələrdə (şəhər mühiti, tikinti meydançası) işləmək üçün əlverişlidir.

Çatışmazlıqları:

Uçuş müddəti məhduddur (adətən 20–40 dəqiqə);

Külək şəraitinə həssaslıq daha yüksəkdir;

Böyük ərazilərin çəkilişi üçün vaxt itkisi çoxdur.

1.3. Hibrid (VTOL Sabit Qanadlı) PUA-lar

Bu tip PUA-lar hər iki texnologiyanın üstünlüklərini birləşdirir: şaquli qalxma/eniş üçün rotorlardan, uzun məsafəli üfüqi uçuş üçün isə sabit qanaddan istifadə edir.

Üstünlükləri:

Start-enmə zolağı tələb olunmur;

Sabit qanadlı sistemlərə yaxın uçuş müddəti və məsafə;

Çətin relyefli ərazilərdə (dağlıq, meşəlik) istifadə mümkündür.

Çatışmazlıqları:

Konstruksiya mürəkkəbdir, qiyməti yüksəkdir;

Texniki xidmət tələbləri daha ciddidir.

Uçuş Məsafəsi və Müddətinə Görə Təsnifat

Qısa məsafəli PUA-lar — 10 km-ə qədər əhatə radiusu, əsasən akkumulyator enerjisi ilə işləyir, tikinti və kənd təsərrüfatı sahələrində istifadə olunur.

Orta məsafəli PUA-lar — 10–100 km əhatə, adətən hibrid və ya yanacaqla işləyən mühərkiklər tələb edir.

Uzun məsafəli (strateji) PUA-lar — 100 km-dən çox, əsasən sənaye infrastrukturunun (boru kəmərləri, dəmir yolu) monitorinqi üçün nəzərdə tutulub.

 

İdarəetmə Üsuluna Görə Təsnifat

Əldən idarə olunan PUA-lar — operator PUA-nı bilavasitə pult vasitəsilə idarə edir. Kiçik layihələrdə istifadə olunur.

Yarı-avtonom PUA-lar — uçuş marşrutu əvvəlcədən proqramlaşdırılır (waypoint navigasiya), lakin operator müdaxilə edə bilər. Fotoqrammetrik layihələrin böyük əksəriyyəti bu üsulla icra olunur, çünki bu, çəkiliş marşrutunun dəqiqliyini və təkrarlanmasını təmin edir.

Tam avtonom PUA-lar — süni intellekt və qabaqcıl sensor sistemləri ilə təchiz olunub, insan müdaxiləsi minimuma endirilir. Böyük infrastruktur layihələrində və mütəmadi monitorinq missiyalarında tətbiq olunur.

 

Tətbiq Sahəsinə Görə Təsnifat

Fotoqrammetriya baxımından PUA-ları həmçinin daşıdıqları sensor və məqsədə görə qruplaşdırmaq faydalıdır:

Fotoqrammetrik (RGB kameralı) PUA-lar — standart optik kameralarla təchiz olunub, ortofoto xəritələr və 3D modellər üçün istifadə olunur.

Multispektral/Hiperspektral PUA-lar — kənd təsərrüfatında bitki sağlamlığının (NDVI indeksi) qiymətləndirilməsi üçün nəzərdə tutulub.

LiDAR daşıyan PUA-lar — lazer skanlama vasitəsilə yüksək dəqiqlikli relyef modelləri (DEM/DSM) yaradır, meşə örtüyü altında da relyefi ölçə bilir.

Termal (İnfraqırmızı) kameralı PUA-lar — istilik itkilərinin aşkarlanması, yanğın monitorinqi və energetik audit üçün istifadə olunur.