GNSS: Tarixi, İstifadəsi və Geodeziyada Rolu
İnsanlıq tarixən mövqeyini müəyyənləşdirmək üçün ulduzlara, kompaslara güvənirdi. XX əsrin ortalarında isə kosmosun fəth edilməsi bu sahədə inqilaba yol açdı. 1957-ci ildə Sputnik peykinin siqnallarını təhlil edən alimlər anladılar ki, peykin Yerə nisbətən mövqeyi dəqiq bilinərsə, siqnalın tezliyindəki Doppler dəyişikliyinə əsasən müşahidəçinin yerdəki mövqeyini hesablamaq mümkündür. Bu prinsip ilk praktik peyk naviqasiya sistemi olan Transit (NNSS)-in yaradılmasına gətirib çıxardı. ABŞ Hərbi Dəniz Donanmasına məxsus Transit sistemi 1964-cü ildə fəaliyyətə başladı və soyuq müharibə dövründə sualtı qayıqlara mövqe məlumatı vermək üçün istifadə olundu. Lakin Transit məhdud sayda peyklə işləyir və mövqeni dəqiq müəyyən etmək üçün dəqiqələr tələb edirdi.

ABŞ Müdafiə Nazirliyi daha dəqiq və hərtərəfli bir sistem üzərində çalışaraq 1970-ci illərdə GPS proqramına start verdi. İlk GPS peyki 1978-ci ilin fevral ayında orbitə buraxıldı və sistemin tam funksional olması üçün 24 peykdən ibarət qruplaşma nəzərdə tutuldu. Nəhayət, 1995-ci ildə NAVSTAR-GPS sistemi tam istifadəyə verildi və qlobal əhatə əldə etdi. GPS sistemi orbitdə mütəmadi hərəkət edən təxminən 24 əsas (hazırda ehtiyatlarla birgə ~30) peykdən ibarətdir və ilk növbədə ABŞ ordusunun ehtiyacları üçün qurulsa da, sonradan mülki istifadə üçün də əlçatan oldu. Bu peyklər davamlı olaraq çox zəif radiosiqnallar göndərir və GPS qəbulediciləri həmin siqnalları qəbul edərək, istifadəçinin Yerdəki yerini, hərəkət sürətini və zamanı hesablaya bilir.
ABŞ GPS-lə bərabər SSRİ də öz naviqasiya peyk sistemini inkişaf etdirməyə başladı. 1982-ci ildə ilk GLONASS peyki (Kosmos-1413) orbitə buraxıldı. GLONASS prinsipi etibarilə GPS-ə bənzər idi və tam qruplaşma üçün 24 peykin istifadəsi planlanırdı. Lakin 1990-cı illərdə Sovet İttifaqının dağılması GLONASS-ın inkişafını ləngitdi. 2000-ci illərdə Rusiya proqramı yenidən canlandırdı və 2011-ci ilə gəldikdə GLONASS tam qlobal əhatə üçün 24 peyklə yenidən fəaliyyətə başlamış oldu.
Bu gün dünya üzrə bir neçə aparıcı GNSS mövcuddur. ABŞ-ın GPS və Rusiyanın GLONASS sistemləri uzun illər əsas yerlərini qoruyub saxlayırdı. 2000-ci illərdə isə Avropa İttifaqı mülki nəzarətə əsaslanan Galileo sistemini inkişaf etdirdi. Galileo yüksək dəqiqlikli xidmətlər təqdim etmək və Avropanın peyk naviqasiyasında müstəqilliyini təmin etmək məqsədi daşıyır. Eyni dövrdə Çin də regional başlanğıclı BeiDou sistemini qlobal GNSS-ə çevirdi – hazırda BeiDou 35 peykdən ibarət qruplaşma ilə dünya üzrə mövqe təyini xidməti göstərir və nəqliyyat, kənd təsərrüfatı, fövqəladə hallarda yardım kimi sahələrə xüsusi önəm verir. Bundan əlavə, Hindistanın NavIC (7 peykli regional sistem) və Yaponiyanın QZSS (4 peykli, Yaponiyanı əhatə edən sistem) kimi GNSS ailəsinə daxil olan digər sistemlər də mövcuddur. Beləliklə, hazırda altı əsas peyk naviqasiya sistemi bütün Yer kürəsini əhatə edir və bir-biri ilə bəzən əməkdaşlıq, bəzən rəqabət apararaq texnologiyanın inkişafını sürətləndirir. GNSS texnologiyası daim yenilənir və modernləşir – misal üçün, GPS və digər sistemlər yeni nəsil peyklər və siqnallar vasitəsilə dəqiqliyi artırmağa davam edir.
GNSS geodeziyada xəritə və planların tərtibində inqilab edib. Ölkə boyu yerləşdirilmiş GNSS istinad nöqtələri vasitəsilə geodezik şəbəkələr qurulur və koordinat istinad nöqtələri təmin edilir. Bu nöqtələr ərazidə xəritələrin hazırlanmasında baza rolunu oynayır. Məsələn, AzPOS şəbəkəsi sayəsində Azərbaycanda yeni topoqrafik xəritələrin və ortofotoplanların yaradılması sürətlənib . Peyk şəkilləri GNSS istinadlı olduğundan, xəritələr dəqiq coğrafi əsasla hazırlanır. Kadastr işlərində GNSS qurğuları vasitəsilə torpaq sahələrinin sərhədləri dəqiq ölçülür, bu da mülkiyyət hüquqlarının dəqiq qeydiyyatına imkan yaradır. Əvvəllər bir ərazinin xəritəsini çıxarmaq üçün bir neçə nəfərlik ölçmə briqadaları günlərlə işləməli idisə, indi bir mühəndis GNSS qəbuledicisi ilə qısa zamanda eyni işi yerinə yetirə bilir.