İkinci Dünya Müharibəsində Geodeziya
9 may tarixi dünya tarixində faşizm üzərində qələbənin simvolu kimi qeyd olunur. 1945-ci ilin məhz bu günündə Nasist Almaniyasının qeyd-şərtsiz təslim olması ilə bəşəriyyət tarixinin ən dağıdıcı müharibələrindən biri sona çatdı.
İkinci Dünya Müharibəsi tankların, təyyarələrin və artilleriyanın müharibəsi olduğu qədər, koordinatların, xəritələrin və dəqiq ölçmələrin də müharibəsi idi. Müasir GPS və peyk texnologiyalarının olmadığı bir dövrdə orduların hərəkəti, artilleriya atəşinin dəqiqliyi, hava bombardmanlarının koordinasiyası və hətta qoşunların istiqamətləndirilməsi geodeziya və topoqrafik məlumatlardan asılı idi. Müharibə zamanı geodeziya artilleriya sistemlərinin koordinatlaşdırılmasında, düşmən mövqelərinin müəyyən edilməsində, hava fotoqrammetriyasında, topoqrafik xəritələrin hazırlanmasında, hərbi kəşfiyyatda həlledici rol oynayırdı.
İkinci Dünya Müharibəsində ən az tanınan, lakin ən vacib hərbi bölmələrdən biri ABŞ ordusunun Field Artillery Observation Battalion (FAOB) bölmələri idi. Bu bölmələrin əsas vəzifəsi, düşmən artilleriyasının yerini müəyyən etmək, səs və alov müşahidəsi aparmaq, artilleriya üçün geodezik nəzarət yaratmaq, bütün silah sistemlərini vahid koordinat toruna bağlamaq idi. Müharibədə uzaq məsafədə yerləşən hədəfin vurulması üçün topun koordinatları, hədəfin koordinatları, azimut, məsafə, yüksəklik fərqləri dəqiq hesablanmalı idi. Müharibə zamanı artilleriya topoqrafları çox vaxt ön xətdə, hətta piyadalardan da öndə işləyirdi. Geodeziya qrupları qar, yağış, palçıq, şaxta, mərmi yağışı altında işləyirdi. Bəzən ölçmə briqadaları düşmən mövqelərinə cəmi bir neçə yüz metr məsafədə fəaliyyət göstərirdi.
Müharibənin sonlarına yaxın ABŞ mayoru Floyd W. Hough rəhbərliyində xüsusi geodeziya-kəşfiyyat qrupu Almaniyanın gizli xəritə arxivlərini ələ keçirmək üçün fəaliyyət göstərirdi. HOUGHTEAM adlanan bu qrup texniki universitetlərə, kitabxanalara, geodeziya institutlarına daxil olaraq Almaniyanın yüksək dəqiqlikli geodezik məlumatlarını ələ keçirirdi.
Aachen şəhərində onlar Almaniyanın hələ işğal olunmamış ərazilərinə aid dəqiq koordinat cədvəlləri tapmışdılar. Bu məlumatlar dərhal mikrofilmləşdirilərək ABŞ artilleriyasına göndərilmişdi. Sonradan isə Almaniyanın milli xəritə agentliyi olan Reichsamt für Landesaufnahme (RfL) arxivləri ələ keçirildi. Bu arxivlərdə triangulyasiya şəbəkələri, koordinat sistemləri, topoqrafik xəritələr, geodezik məlumat bazaları mövcud idi. Müharibə geodeziyanın inkişafını sürətləndirdi və onu müasir hərbi texnologiyanın ayrılmaz hissəsinə çevirdi.