KOORDİNAT SİSTEMLƏRİ
Yer kürəsi mükəmməl bir kürə deyil; o, qütblərdən basıq, kələ-kötür və daim hərəkətdə olan bir "geoid"dir. Bu mürəkkəb formanı kağıza və ya rəqəmsal ekrana köçürmək üçün geodeziya elmi müxtəlif "dillərdən" – yəni koordinat sistemlərindən istifadə edir. Koordinat sistemi – nöqtənin fəzada və ya səthdə mövqeyini rəqəmlərlə ifadə edən riyazi modeldir. Hər bir nöqtə koordinat oxlarına görə müəyyən ədədlərlə göstərilir.
Geodeziyada koordinat sistemləri istifadə məqsədinə görə bir neçə əsas qrupa bölünür:
1. Coğrafi Koordinat Sistemi (GCS)
Hər kəsin məktəb illərindən tanıdığı Enlik (Latitude) və Uzunluq (Longitude) sistemidir. Bu sistem Yer kürəsini dərəcələrlə ölçür. Ekvator bizi Şimal və Cənuba, Qrinviç meridianı isə Şərq və Qərbə bölür. Bu sistem gəmiçilik və aviasiya üçün əvəzolunmazdır, lakin məsafəni metr ilə deyil, bucaq ilə ölçdüyü üçün mühəndislik hesablamalarında bəzən çətinlik yaradır.
2. Düzbucaqlı Koordinat Sistemi
Düzbucaqlı koordinat sistemi nöqtələrin mövqeyini bir-birinə perpendikulyar oxlara görə məsafələrlə ifadə edir.
Geodeziyada qəbul olunmuş qaydaya görə oxların istiqaməti
X oxu – şimal istiqamətində müsbət qəbul edilir
Y oxu – şərq istiqamətində müsbət qəbul edilir
Mənfi koordinatlar olmaması üçün koordinat başlanğıcı çox vaxt ölçmə sahəsinin kənarında götürülür.

3. Müstəvi (Proyeksiya) Koordinat Sistemləri.
Portağal qabığını masanın üzərinə tam hamar şəkildə yaymağa çalışmısınızmı? Mütləq bir yerdən cırılacaq və ya forması pozulacaqdır. Geodeziya da eyni problemi yaşayır. Kürəni müstəviyə köçürəndə təhriflər yaranır. Bu zaman metr vahidi ilə ölçülən X və Y koordinatları əldə edilir.
Ən məşhur sistemlər:
UTM (Universal Transverse Mercator): Dünyanı 60 zonaya bölən ən populyar sistemdir. Azərbaycanda 38 və 39-cu zonalar istifadə olunur.
Gauss-Krüger: Daha çox post-sovet ölkələrində və mühəndislik işlərində istifadə olunan, yüksək dəqiqliyi ilə seçilən bir sistemdir.

4. Qütb Koordinat Sistemi
Qütb koordinat sistemi nöqtənin mövqeyini aşağıdakı iki parametrlə təyin edir:
- başlanğıc nöqtədən məsafə və istiqamət bucağı
Bu sistem xüsusilə sahə ölçmələrində və taxometrik işlərdə geniş istifadə olunur.

Koordinat sistemləri geodeziya və kartoqrafiyanın riyazi əsasını təşkil edir. Coğrafi sistem Yer kürəsini qlobal şəkildə təsvir etdiyi halda, düzbucaqlı və qütb sistemləri mühəndis və sahə işləri üçün daha praktikdir. Proyeksiya sistemləri isə bu iki yanaşmanı birləşdirərək xəritə və GIS tətbiqlərinin əsasını yaradır.