Tikinti sektoru ölkə iqtisadiyyatının əsas hərəkətverici sahələrindən biridir. Bu sahədə peşəkar kadrların hazırlanması, innovativ texnologiyaların tətbiqi və keyfiyyət standartlarının yüksəldilməsi məqsədilə Azərbaycanda Construction Championship (Tikinti Çempionatı) adlı yeni təşəbbüs təqdim olunub. Coordinat Group və Credence Group şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçiriləcək layihə "Möhkəm təməl, güclü gələcək" şüarı ilə tikinti sahəsində çalışan peşəkarları bilik, bacarıq və praktiki ustalıq baxımından bir araya gətirəcək.
Çempionat iki əsas mərhələdən ibarət olacaq. İlk mərhələdə iştirakçılar nəzəri biliklərini nümayiş etdirəcək, yüksək nəticə göstərənlər isə final mərhələsinə vəsiqə qazanacaqlar. Praktik mərhələdə finalçılar real tikinti mühitində peşə bacarıqlarını nümayiş etdirərək çempionluq uğrunda mübarizə aparacaqlar.
Yarışda tikinti sektorunun müxtəlif istiqamətlərini təmsil edən mühəndislər, memarlar, layihə menecerləri, ustalar, ağır texnika operatorları, tələbələr və digər peşə sahibləri iştirak edəcəklər. Layihənin əsas məqsədi yalnız qalibləri müəyyənləşdirmək deyil, həm də peşəkarlığı təşviq etmək, ixtisaslı kadrların əməyini ön plana çıxarmaq və tikinti sahəsində keyfiyyət standartlarının inkişafına töhfə verməkdir.
Praktik mərhələnin Crystal Group şirkətinin tərəfdaşlığı və dəstəyi ilə onun tikinti ərazisində keçirilməsi planlaşdırılır. İştirakçıların çıxışları tikinti sektorunun tanınmış mütəxəssisləri, sənaye nümayəndələri və akademiklərdən ibarət nüfuzlu münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Yarışın yekununda qaliblər pul mükafatları və xüsusi mükafatlarla təltif olunacaqlar.
Coordinat Group MMC hesab edir ki, Tikinti Çempionatı ölkədə tikinti peşələrinin nüfuzunun artırılması, peşəkar kadr potensialının inkişafı və innovativ yanaşmaların təşviqi baxımından mühüm platformaya çevriləcək. Bu təşəbbüs tikinti sektorunda fəaliyyət göstərən mütəxəssislər arasında bilik mübadiləsini gücləndirməklə yanaşı, gələcəyin peşəkar kadrlarının yetişdirilməsinə də mühüm töhfə verəcək.