Fotoqrammetriya
Yer səthinin, obyektlərin və fiziki mühitin forması, ölçüsü və mövqeyi haqqında etibarlı məlumatların fotoşəkillər vasitəsilə əldə edilməsi elmi və texnologiyası olan fotoqrammetriya, bu gün mühəndislikdən arxeologiyaya, xəritəçilikdən rəqəmsal oyun sənayesinə qədər geniş bir sahəni əhatə edir. "Fotoqrammetriya" sözü yunan mənşəli üç sözün birləşməsindən yaranmışdır: Photo – işıq və ya şəkil; Gramma – yazı və ya təsvir; Metron – ölçmə. Sadə dildə desək, fotoqrammetriya müxtəlif bucaqlardan çəkilmiş şəkillər əsasında obyektlərin həndəsi xüsusiyyətlərinin və koordinatlarının müəyyən edilməsi elmidir. Fotoqrammetriya, 1839-cu ildə Lui Daqer tərəfindən fotoqrafiyanın (daqerotipiya) ixtirasından dərhal sonra doğulmuşdur.1851-ci ildə fransız hərbi zabiti Eme Loseda (Aimé Laussedat), fotoşəkillərdən topoqrafik xəritələrin tərtib edilməsi ideyasını ortaya atdı və uğurla tətbiq etdi. Bu səbəbdən Loseda "Fotoqrammetriyanın Atası" hesab olunur. "Fotoqrammetriya" termini ilk dəfə 1867-ci ildə alman arxitektor Albrext Meydenbauer tərəfindən memarlıq abidələrinin sənədləşdirilməsi kontekstində istifadə edilmişdir. Bu dövr Analoq Fotoqrammetriya dövrü adlanır. Ölçmələr tamamilə optik-mexaniki cihazlar və insan gözünün stereoskopik (üçölçülü) görmə qabiliyyəti sayəsində həyata keçirilirdi.
XX əsrin böyük hissəsində fotoqrammetrik işlər xüsusi optik və mexaniki cihazlar vasitəsilə həyata keçirilirdi.
Bu mərhələ analoq stereoplotterlərin istifadəsi; plyonka əsaslı şəkillər; əl ilə xəritə tərtibi ilə xarakterizə olunurdu. Operator iki üst-üstə düşən şəkilə stereoskop vasitəsilə baxaraq ərazinin üçölçülü modelini yaradırdı. Bu üsul yüksək peşəkarlıq tələb etsə də, uzun illər ərzində dünya xəritəçiliyinin əsas texnologiyalarından biri olmuşdur.

1960-cı illərdən etibarən kompüter texnologiyalarının inkişafı fotoqrammetriyada yeni mərhələnin başlanmasına səbəb oldu. Bu dövrdə riyazi modellər tətbiq edildi; koordinat hesablamaları kompüter vasitəsilə aparıldı; ölçmə dəqiqliyi artırıldı; emal müddəti azaldıldı. Beləliklə, analoq sistemlər tədricən analitik sistemlərlə əvəz olunmağa başladı.
1990-cı illərdən başlayaraq rəqəmsal kameraların və kompüter proqramlarının inkişafı fotoqrammetriyanı tamamilə yeni səviyyəyə çıxardı. Bu mərhələdə: plyonka kameraları rəqəmsal sensorlarla əvəz olundu; avtomatik bağlayıcı nöqtələr müəyyən edilməyə başladı; ortofotoların hazırlanması sürətləndi; rəqəmsal yüksəklik modelləri (DEM və DSM) yaradıldı; 3D modellərin qurulması mümkün oldu. Müasir fotoqrammetrik proqram təminatları minlərlə şəkli qısa müddət ərzində emal edə bilir.
Son onillikdə PUA-ların (dronların) geniş yayılması fotoqrammetriyanın inkişafına ciddi təkan verdi. Əvvəllər hava şəkillərinin əldə edilməsi üçün: təyyarələr; helikopterlər; yüksək maliyyətli uçuşlar tələb olunurdusa, hazırda kiçik ölçülü dronlar vasitəsilə daha sürətli və daha iqtisadi həllər əldə etmək mümkündür.
Müasir fotoqrammetriyanın əsas məhsulları
Bu gün fotoqrammetrik emal nəticəsində aşağıdakı məhsullar əldə edilir:
Ortofoto
Həndəsi təhrifləri aradan qaldırılmış və koordinat sisteminə uyğunlaşdırılmış hava şəklidir.
Rəqəmsal ərazi modeli (DTM)
Yer səthinin relyefini təsvir edir və bitki örtüyü və tikililər nəzərə alınmır.
Rəqəmsal səth modeli (DSM)
Binalar, ağaclar və digər obyektlərlə birlikdə səthin modelidir.
Nöqtə buludu (Point Cloud)
Milyonlarla üçölçülü nöqtədən ibarət məkan məlumatıdır.
3D model
Şəhərlərin, tikililərin və mühəndis qurğularının virtual təsviridir.