Coordinat Group MMC
Geodeziya

Yer Ellipsoidi

Image

Hər kəs məktəb illərindən Yerin "yumru" olduğunu bilir. Lakin dərindən araşdırdıqda məlum olur ki, planetimiz həndəsi cəhətdən ideal bir kürə deyil. Geodeziya elminin təməlində dayanan Yer ellipsoidi anlayışı məhz bu reallığı izah edir.

Yerin öz oxu ətrafında fırlanması nəticəsində yaranan mərkəzdənqaçma qüvvəsi, ekvator zonasında maddələri kənara doğru itələyir. Bu da planetimizin qütblərdən basıq, ekvatordan isə daha qabarıq bir forma almasına səbəb olur. Yer forması haqqında danışarkən üç fərqli səthi bir-birindən ayırmaq lazımdır:

Fiziki Səth: Dağlar, dərələr və okean dibindən ibarət olan real, nahamar səth.

Geoid: Yerin cazibə qüvvəsinin hər yerdə bərabər olduğu xəyali səthdir. Okean sularının dinc vəziyyətdəki səviyyəsini təmsil edir. Geoid formaca dalğalıdır, çünki Yerin altındakı kütlə paylanması qeyri-bərabərdir.

Ellipsoid: Geoidin riyazi cəhətdən hamarlanmış modelidir. Geodeziyada koordinatların hesablanması üçün məhz bu ideal modeldən istifadə olunur.

Fiziki səth dedikdə onun fiziki relyefi deyil, okean sularının sakit vəziyyətdə qəbul edilən səviyyə səthi nəzərdə tutulur. Bu səthə geoid deyilir. Geoid heç bir sadə riyazi düsturla dəqiq ifadə edilə bilmir. Onun forması çox mürəkkəbdir və birbaşa hesablama aparmaq çətindir. Geoid riyazi olaraq ifadə edilə bilmədiyinə görə, ölçmə və hesablamalarda onun əvəzinə sadələşdirilmiş riyazi fiqur istifadə olunur. Bu fiqur fırlanma ellipsoidi adlanır.

Ellipsoid, kiçik oxu ətrafında fırlanan ellipsdən alınan üçölçülü fiqurdur və Yer formasına geoidə nisbətən çox yaxın uyğunluq göstərir. Ellipsoid səthi geoid səthindən orta hesabla təxminən ±150 metr fərqlənə bilər.

Ellipsoid iki əsas oxla xarakterizə olunur:

a – böyük yarımox (ekvator radiusu)

b – kiçik yarımox (qütb radiusu)

Ellipsoidin yastılıq dərəcəsi isə sıxılma (Basıqlıq) parametri ilə ifadə edilir:

f=(a-b)/a

Bu parametr Yer səthinin nə qədər yastı olduğunu göstərir.

Tarix boyu Yer ellipsoidinin ölçüləri müxtəlif alimlər tərəfindən hesablanmışdır. Bu ölçülər Yer cazibə sahəsinin daha dəqiq modelləşdirilməsi üçün təkmilləşdirilmişdir.

Aşağıdakı şəkildə ellipsoid modelləri göstərilmişdir.

Azərbaycanda İstifadə Olunmuş Ellipsoidlər

SSRİ dövründə bir müddət Bessel ellipsoidi istifadə edilmişdir. 1946-cı ildən etibarən isə Krasovski ellipsoidi rəsmi qəbul edilmişdir.vBu ellipsoid əsasında qurulmuş koordinat sistemi 1942-ci il Koordinat Sistemi (Pulkovo Datum) adlanır. Başlanğıc nöqtəsi Pulkovo Rəsədxanası (Sankt-Peterburq) götürülmüşdür və baş meridian və başlanğıc en dairələri həmin məntəqəyə əsaslanır. Hazırda isə Azərbaycanda və dünyada əsasən WGS84 ellipsoidinə əsaslanan qlobal koordinat sistemləri istifadə olunur.