Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən XXVIII Beynəlxalq Geodeziya mühəndisləri Federasiyasının (FIG) Baş Assambleyası və Konqresində qurumun rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Yunanıstandan olan tanınmış mütəxəssis və mühəndis Michalis Kalogiannakis FIG-in 2027–2030-cu illər üzrə yeni prezidenti seçilib. Prezidentlik uğrunda yarışda Kaloqiannakis İsveçi təmsil edən rəqibi Mikael Lilje geridə qoyaraq qələbə qazanıb. O, bu vəzifədə hazırkı president Diane Dumashie əvəz edəcək.
Mixalis Kaloqiannakis Kimdir?
Mixalis Kaloqiannakis geodeziya sahəsində zəngin təcrübəyə malik rəhbər kadrdır. O, 2024-cü ilin mayında seçilərək 2025-ci ilin yanvarından etibarən FIG-in Vitse-prezidenti vəzifəsini icra edirdi.
Bundan əlavə, Kaloqiannakis:
"Topo GES" şirkətinin icraçı direktoru (CEO) və baş geodeziya mühəndisidir;
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Peşəkarlar Forumunun "Kommunikasiya və Yeni Üzvlərin Cəlb Edilməsi üzrə 2-ci İşçi Qrupu"nun sədridir;
Yunanıstan Texniki Palatasının və Yunanıstan Kənd və Geodeziya Mühəndisləri Assosiasiyasının aparıcı üzvlərindəndir.
Seçkilərdən dərhal sonra LinkedIn hesabında açıqlama verən yeni prezident öz hisslərini və gələcək hədəflərini belə ifadə edib:
"FIG – Beynəlxalq Geodeziya mühəndisləri Federasiyasının prezidenti seçildiyim üçün dərindən şərəf hissi duyur və böyük məsuliyyət daşıyıram. Prezidentliyim dövrdə dəyişiklik, üzvlərə hörmət, modernləşmə, rəqəmsal transformasiya, qlobal səviyyədə görünürlüyümüzün artırılması, maliyyə dayanıqlılığı və gündəlik fəaliyyətlə məşğul olan mütəxəssislərə real dəstək üçün əlimdən gələni edəcəyəm. Məsuliyyətimiz böyükdür və mən səlahiyyətlərim daxilində olan hər şeyi edəcəyimə söz verirəm."
Kaloqiannakis həmçinin vurğulayıb ki, onun rəhbərlik dövrü planlı bir dəyişikliklə, federasiyanın tarixinə və sıravi mühəndislərin əməyinə hörmətlə xarakterizə olunacaq: "Birlikdə FIG-i gücləndirmək, peşəmizi ucaltmaq, gənc nəsil geodeziya mühəndislərini dəstəkləmək və qlobal birliyimizin inkişafını təmin etmək şansımız var."
Bununla yanaşı, federasiyanın rəhbərliyinə üç yeni vitse-prezident də daxil olub.
Yeni seçilmiş vitse-prezidentlər:
Winnie Shiu (Honq Konq, Çin)
Stephen Djaba (Qana)
Peter Ache (Almaniya)
Yeni rəhbərliyin tərkibi FIG-in müxtəlif regionların təmsilçiliyinə verdiyi əhəmiyyəti nümayiş etdirir. Belə ki, prezident Avropadan seçildiyi halda, vitse-prezidentlər Asiya, Afrika və Avropanı təmsil edirlər. Bu yanaşma federasiyanın qlobal xarakterini və beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha ortaya qoyur.
2030-cu il FIG Konqresinin ev sahibi də müəyyənləşdi
Baş Assambleya çərçivəsində keçirilən digər mühüm səsvermədə isə 2030-cu ildə keçiriləcək XXIX FIG Konqresinə ev sahibliyi etmək hüququ uğrunda mübarizədə Çinin Qingdao şəhəri İspaniyanın Seville şəhərini üstələyərək qalib gəlib.