Coordinat Group-un əməkdaşlıq etdiyi ali təhsil müəssisələrinin sırasına Mingəçevir Dövlət Universiteti də qoşulub.
19 noyabr 2026-cı il tarixində Mingəçevir Dövlət Universitetində Təbiət elmləri kafedrasının təşkilatçılığı ilə “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan tələbələr üçün “Məsafədən zondlamanın fiziki əsasları” fənni çərçivəsində praktik məşğələ və seminar təşkil olunub.
Tədbirdə Coordinat Group MMC-nin təsisçisi və direktoru Vüqar Araz və Rəna Həsənova Babazadə iştirak ediblər. Açıq havada keçirilən praktiki məşğələ zamanı tələbələr müasir geodeziya, ölçmə və məsafədən zondlama avadanlıqları ilə yaxından tanış olublar. Onlara cihazların texniki xüsusiyyətləri, işləmə prinsipləri, istifadə qaydaları və müxtəlif sahələrdə tətbiq imkanları əyani şəkildə nümayiş etdirilib.
Praktiki məşğələnin davamı olaraq auditoriyada keçirilən seminarda məsafədən zondlama texnologiyalarının fiziki əsasları, müasir müşahidə sistemləri və bu texnologiyaların ekologiya mühəndisliyində tətbiqi imkanları müzakirə olunub.
Bizim əsas məqsədimiz tələbələrin universitetdə qazandıqları nəzəri bilikləri real avadanlıqlar və praktiki təcrübə ilə möhkəmləndirmək, onları müasir mühəndislik texnologiyaları ilə tanış etmək və gələcək peşə fəaliyyətlərinə daha hazırlıqlı olmalarına töhfə verməkdir.
Bu əməkdaşlığın həyata keçirilməsi üçün yaradılan şəraitə, göstərilən diqqətə və səmimi əməkdaşlığa görə Mingəçevir Dövlət Universitetinin rektoruna, Mühəndislik fakültəsinin və universitetin müvafiq struktur bölmələrinin rəhbərliyinə Coordinat Group adından dərin təşəkkürümüzü bildiririk.
İnanırıq ki, universitet–sənaye əməkdaşlığı çərçivəsində həyata keçiriləcək növbəti layihələr tələbələrin praktiki bilik və bacarıqlarının inkişafına, eləcə də ölkəmizdə geodeziya, geomatika və məsafədən zondlama sahələrinin gələcəyinə mühüm töhfə verəcək.